"Rəqiblərimizə başağrısı olmağı bacarırıq" -Raqif Eyvazov
Yüksək Liqada çıxış edən “FK.İD.Futsal” ehtiyat qüvvə hazırlamaq üçün Birinci Liqada ikinci komandasının – “İtaldizayn”ın mübarizə aparmasına şərait yaradıb. Heyətində bir neçə gənc oyunçunun yer aldığı “İtaldizayn” sabit çıxış etməsə də, növbəti mövsümdə əsas komandaya bir neçə futzalçının yüksələcəyi şübhə doğurmur. Elə “Standard” üzərində qələbədən sonra kapitanla söhbətləşmək qərarına gəldik.

Sportfm.az saytı Raqif Eyvazovun AFF-nın facebook səhifəsinə verdiyi müsahibəsini diqqətinizə çatdırırıq:
- Əslində, turnir cədvəlinə əsaslanıb “Standard”ı favorit saymaq olardı. Ancaq ardıcıl qollarla rəqibin özünə gəlməsinə imkan vermədiniz...
- Bayramdan sonra bu cür başlayacağımızı gözləmirdim. Görünür, fasilə zamanı boş dayanmamağımızın, məşqləri davam etdirməyimizin xeyri oldu. Necə oynayacağımızı bilirdik. Ona görə də başlayan kimi 2 ardıcıl qol vurduq. Düzdü, sonra biz dayandıq, onlar qollar vurdular və hesabı bərabərləşdirdilər. Ancaq üstünlüyümüzü sona qədər qoruduq.
- Fasiləyə yenidən 2 top fərqi ilə üstün yollanmağınız oyunun qırılma nöqtəsi oldu, demək olarmı?
- Bəlkə də son saniyədə vurduğumuz qol həlledici oldu. Fasiləyə 2-3 saniyə qalmışdı, Saleh ötürmə etdi, mən də vurdum. Bu, onları psixoloji cəhətdən gərginləşdirdi. Biri var fasiləyə 1 top məğlub yollanasan, biri də var 2. Təbii ki, həmin qol işimizə çox yaradı.
- Birinci divizionda komandalar arasında səviyyə fərqi çoxdu?
- Heyətimizin əksər üzvlərinin Birinci Liqada ilk mövsümüdü. Qeyri-sabit nəticələrimizin səbəbi bəlkə də budur. Bizdən üst sıralarda yer alan rəqiblərmiz həqiqətən güclüdür. Oyunlar maraqlı keçir. Həm də güclü komandalarla oynamaq özümüz üçün də maraqlıdır. Hiss edirsən ki, futzal oynayırsan, əziyyət çəkirsən. Birinci dövrəyə “Gilan”la oyunla yekun vuracağıq. Çalışacağıq ki, maksimum nəticə qazanaq və fasiləyə üst sıralarda yollanaq.
- Bu heyət Yüksək Liqada çıxış edən komanda üçün ehtiyat qüvvə rolunu oynayır. Necə düşürsən, əsas komandaya güc qatacaq perspektivli oyunçular varmı?
- Ümumiyyətlə, futzalda gənclər azdı. Bu baxımdan bizim klubun bəxti gətirib. Əsas komandaya düşəcək oyunçularımız var. 2-3 nəfərin ora yollanması bizim üçün stimul olacaq. Üzərimizdə Rafael Abdulovun zəhməti böyükdür.
- Bu gün futzala hobbi kimi yanaşırsan, yoxsa həqiqətən də uğurlu karyera qurmaq istəyirsən?
- Buna peşə kimi yanaşırıq. Bu gün klub bizə ödəniş eləyirsə və biz də qar, yağış demədən məşqlərə, oyunlara gəliriksə, deməli, hobbi yox, peşəmizdi. Bunun bəhrəsini görməliyik.
- Komandanın şəraiti, məşq qrafiki necədir?
- Həftədə iki dəfə zalda məşq edirdik. İndi qrafik sıxlaşıb. Belə ki, məşqlərimizin sayını 4-ə yüksəltmişik. Həftə ərzində 4 məşq və 1 oyun bizim üçün normaldı.
- Bəs baş məşqçinin əsas iradları nə ilə bağlı olur?
- Səhvlərimiz çoxdu. Baş məşqçi bu sahədə bizə çox kömək edir. Xüsusilə müdafiədə tez ötürmə etməyimizi, topu özümüzdə çox saxlamağı irad kimi bildirir. Üstünlüyümüz odur ki, meydanda çox qaçırıq, hərəkət edirik. Buna görə də əksər rəqiblərimizə başağrısı olmağı bacarırıq.
- Yüksək Liqada oynayan heyətlə heç yoxlama görüşü keçirmisinizmi?
- Oynamışıq, 1 top fərqi ilə uduzmuşuq. Bir neçə oyunçumuz əsas heyətlə birgə məşqlər edir, bəzən oyunlara da qatılır. Ancaq artırmalıyıq.
- Sirr deyilsə, hər oyunda komandanı yalqız buraxmayan veteran futbolçu Əbdülqəni Nurməmmədov hansısa tövsiyə verirmi? Çünki o, gənclərlə işləməyi sevir..
- O, bizimlə çox üsniyyət qurmur. İradları, tövsiyələri olanda baş məşqçimizə deyir. Kənardan ruhlandırır bizi, məsləhət görür ki, düzgün oynayaq, hərəkət edək, hər iki ayağımızdan istifadə edək. Bir sözlə, inkişaf etməyimizi istəyir. Qismət olsa, gələcəkdə Yüksək Liqada da oynayacağıq.
Oxşar xəbərlər
Yaşar Qasımov: "Futzalı buraxmaq, kənara çəkilmək istəmirik"
Rəşad Sadıqovun qardaşı: Ondan məsləhət almıram
Mortoza Cahandost: Bir-iki oyunçumuz var ki...
“Bu cür komandaya heç kimin kömək etməməsi, arxa durmaması insanı mənən incidir” - Baş məşqçinin üsyanı
Rusiyanın U-17 komandası bizi 20:0 hesabı ilə udursa... - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








.jpg)






Misli Premyer Liqası