"Azərbaycan Vüqarı unutmur" -Maqnus Karlsen
Vüqar Həşimov Memorialının qalibi, şahmat üzrə dünya çempionu Maqnus Karlen “Shamkir Chess 2018” superturnirində qalib gəldikdən sonra müsahibə verib.
Sportfm.az həmin müsahibəni təqdim edir.
- Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” superturnirində qələbə münasibətilə sizi təbrik edirik.
- Təbrikə görə təşəkkür edirəm. “Shamkir Chess” superturnirində qalib olduğum üçün çox xoşbəxtəm. Yarışın əvvəlində istədiyim oyunu göstərə bilmədim. Yalnız son turlarda bir qədər rahat oynadım. Anış Giri üzərində qələbə qazandığım partiya bəlkə də Şəmkirdə ən yaxşı oyunum oldu. Digər halda etiraf etmək lazımdır ki, istədiyim Maqnusu görmədim. Yəni, maksimum bacardığım oyunu nümayiş etdirə bilmədim. Bununla belə sonda əsas mükafata sahib çıxdığıma görə sevinirəm.
- Bu, sizin Şəmkirdə üçüncü qələbəniz oldu. Hansı qələbəni daha çətin hesab edirsiniz?
- İlk dəfə 2014-cü ildə Şəmkirə gəlmişəm. Çox güclü heyət var idi. İki partiyada məğlubiyyətdən sonra özümə gəldim. Həmin turnirdə iki dəfə məğlubiyyət acısı yaşadım. Ardıcıl qələbələr yarışı ilk pillədə başa vurmağa kömək etdi. 2014-cü ildəki yarış həm də birinci turnir oldu. Ona görə xüsusilə çətin mübarizə ilə yadımda qalıb. 2015-ci ildə də asan mübarizə olmadı. Vişvanatan Anandla oyunumu xatırlayıram. Çətin vəziyyət idi. Anandla oyunumuz xüsusilə maraq kəsb edirdi. Həmin ildə də birinci oldum. Bu il fərqli oldu. Ardıcıl üç tur heç-heçə oynadım. Sanki qələbə qazana bilmirdim. Turnirin əvvəlində bütün şahmatçılar eyni vəziyyətdə idi. Üç turdan sonra hamı 1,5 xal toplamışdı. Mənim üçün ardıcıl üç oyunda qələbə qazanmamaq normal deyil. Bir qədər pis olmuşdum. Yaxşı ki, sonda istəyimə çatdım.
- Adətən belə deyirlər, Maqnusun iştirak etdiyi turnirlərdə əksər hallarda digər şahmatçıların qələbə qazanmaq şansı yoxdur. Bu fikirlə razısınız?
- Bunu kim söyləyib? Belə fikir səsləndirmək doğru deyil. Sadəcə bütün yarışlarda qalib olmaq istəyirəm. Çox vaxt istəyimə çatsam da, inanın ki, bu, heç də asan olmur. Bunun üçün gərgin məşqlər çox vacibdir. Uğurumda, mənimlə çalışan insanların - komandamın da böyük payı var.
- Şəmkirdə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov ilə qarşılaşdınız. Daha çox deyəsən sonuncu ilə oyunda əsəbləşmişdiniz?
- Xeyr, əsəbləşməmişəm. Adlarını çəkdiyiniz şahmatçıların oyunları bir-birindən fərqlənir. Maraqlıdır ki, azərbaycanlı şahmatçılarla partiyalarım heç-heçə bitdi. Əslində qalib gəlmək istəyirdim, sadəcə alınmadı. Bəlkə Şəmkirin havası onlara kömək oldu. Məmmədyarov, Rəcəbov, Məmmədov kifayət qədər diqqətli oynadılar. Raufla partiyada fürsət əldə etmişdim, sadəcə üstünlüyü reallaşdıra bilmədim. Rauf yaxşı oynadı.
- Həmin partiyadan sonra mətbuat konfransına gəlmədiniz...
- Çox yorulmuşdum. Təəssüflənirdim ki, qalib gələ bilmədim. Üstəlik, mətbuat konfransları bəzən çox vaxt aparır. Partiyadan sonra mətbuat konfranslarında suallara cavab vermək insanı daha da yorur. Raufla oyundan sonra dərhal otelə gedərək növbəti tura hazırlaşmağa başladım.
- Şəmkirə şəxsi aşpazınız da gəlib. Bu məqam çox maraqlıdır. Bəlkə oteldə təqdim olunan milli xörəklərimizi xoşlamırsınız?
- Oteldə həm Azərbaycan, həm də Avropa mətbəxindən olan yeməklər təqdim olunur. Qida ilə bağlı heç bir problem yoxdur. Çünki təşkilatçılar ən xırda detalı belə diqqətlə fikirləşiblər. Buna görə Təşkilat Komitəsinə təşəkkür etməyi özümə borc bilirəm. Menyuda olmayan, amma istədiyim yemək olsaydı, onu da hazırlayardılar. Sadəcə bir neçə il əvvəl aşpazla çalışmağa başladım. Bəzən getdiyim ölkədə qida ilə bağlı problem yaşanır. O zaman aşpaz kömək edir. Azərbaycan və Türkiyə mətbəxləri çox oxşardır. Türkiyə mətbəxində bəyəndiyim yeməklər var. Sadəcə çox yağlı yeməklərdən qaçıram. Eyni zamanda, şirniyyatı sevməyimə baxmayaraq, az yeməyə çalışıram.
- Fiziki hazırlığınız diqqəti cəlb edir. Şəmkirdə basketbol da, futbol da oynadınız. Hansını daha çox sevirsiniz?
- Ümumiyyətlə, idmanı çox sevirəm. Sağ olsun, şərait yaratdılar. Şəmkirdə şahmat oynamaq üçün hər cür şərait var. Fikrimcə, turnirlər adətən belə sakit yerlərdə keçirilməlidir. Futbolda “Real”ın oyunlarını izləyirəm. Basketbolla da maraqlanıram. İstirahət günü Şəmkirdə futbol turniri keçirildi, həmin yarışda bizim (əcnəbi şahmatçılardan ibarət dünya yığması) komandamız qalib gəldi. Orada bacarığımı göstərdim.
- “Real” məğlub olanda Maqnus Karlsenə şahmat oynamaq çətin olmur?
- Bu klubu çox sevirəm. Amma şahmatla müqayisə etmək çətindir. Əlbəttə, “Real” uduzanda təəssüflənirəm. Ona görə şahmat oyununa daha ciddi hazırlaşıram.
- Futbolu da oynamağı yaxşı bacarırsınız. Bəlkə Norveç yığması sizin timsalınızda güclü futbolçunu itirib?
- Artıq gecdir. Amma dəvət olarsa, yeddinci divizionda çıxış edə bilərəm. Hər halda bu səviyyədə oynamağa gücüm çatar.
- Şəmkir, Azərbaycan yadınızda necə qalacaq?
- Paytaxt Bakıda və yarışın keçirildiyi Şəmkirdə olmuşam. Şəmkirdəki dağlar xoşuma gəlib. Sanki insan rahatlaşır. Həmin dağlar Norveçi xatırlatdı. Ona görə də turnirdən sonra iki gün Şəmkirdə qalmaq barədə qərar vermişdik. Yəni, Şəmkirdə rahat şahmat barədə düşünmək mümkündür.
- Noyabrda şahmat tacı uğrunda ABŞ təmsilçisi Fabiano Karuana ilə görüşəcəksiniz. Hazırlığa nə vaxtdan başlamaq istəyirsiniz?
- Bu barədə Şəmkirdə çox soruşurlar. Bütün məsləhətlərə hazıram. Belə məsələləri adətən mətbuata açıqlamaq düzgün deyil. Qarşıda bizi Norveçdə keçiriləcək daha bir turnir gözləyir.
- Berlində keçirilən iddiaçılar turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun qələbə qazanmaq şansları yüksək idi. Yarışı izləyirdinizmi?
- Vaxt olanda baxırdım. Şəhriyar yaxşı şahmatçıdır, turnirin əvvəlində inamlı görünürdü. Ümumiyyətlə, Berlində maraqlı partiyalar çox oldu.
- Maraqlıdır Maqnus Karlsenin xanım pərəstişkarları da çoxdur?
- Şahmatı həm xanımlar, həm bəylər izləyirlər. Ona görə bu, normaldır. Şahmat həvəskarları bütün turnirlərlə maraqlanırlar. Xanımların da şahmatla maraqlanmasına yaxşı baxıram. Azarkeşlərimi, yarışlarda mənə görə həyəcan keçirən insanları yüksək dəyərləndirirəm. Qalib gələndə mənim kimi, onların da sevinməsi çox yaxşıdır.
- Şəxsi həyatınızla bağlı sual vermək istərdim. Maqnus hazırda yalnız şahmatı sevir, yoxsa onun qəlbində gözəl xanım da var?
- Şəxsi həyatım barədə danışmağı sevmirəm. Onsuz da mediada hər cür xəbər dərhal yayılır.
- Şəmkir turniri Vüqar Həşimovun adı ilə bağlıdır. Vüqarla bağlı hər hansı xatirənizi danışmağınızı istərdik...
- Vüqarla turnirlərdə tez-tez oynamışıq. Pozitiv insan idi. Bu xəbəri eşidəndə çox pis oldum. Həşimovu yaxşı şahmatçı kimi tanıyırdım. Debüt seçimləri fərqli idi. Onunla şahmatda rahat mübarizə aparmaq mümkün deyildi. Hər an vəziyyəti dəyişə bilərdi. Vüqarın adına belə superturnirin keçirilməsi çox yaxşıdır. Deməli, Azərbaycan Vüqarı unutmur. Şəmkir turniri onun adına layiq olan səviyyədə təşkil edilir.
Şəmkirdə olduğum müddətdə mənə və komandama kömək edən insanlara “Çox sağ ol” deyirəm. Şəmkirdə üç dəfə qalib gəlmişəm. Ona görə həmişə buraya qayıtmağa hazıram. Şəmkirdə, ümumiyyətlə Azərbaycanda şahmatı çox sevirlər.
- Müsahibəyə görə təşəkkür edirəm.
- Sağ olun. (azertag.az)
Oxşar xəbərlər
Azərbaycanda 3 dəfə çempion olan norveçli:"Əla şərait var"
“Düz 23 kiloqram çəki atmışam” – Rauf Məmmədov
"Kramnikə böyük rəğbətim yaranıb" - Rauf Məmmədov
“Shamkir Chess-2018” super şahmat turnirinin iştirakçıları müəyyənləşdi
“Shamkir Chess-2018” super turnirinin keçiriləcəyi vaxt müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası