Renat Sultanov:"Mübarizəmizi sona qədər davam etdirəcəyik"
Futzal üzrə Yüksək Liqanın son turunda "Xəmsə"ni 7-3 hesabı ilə məğlub edən "Marafon" komandasının kapitanı Renat Sultanov Azərbaycan Futzal federasiyasının rəsmi facebook səhifəsinə müsahibə verib. Sportfm.az saytı həmin müsahibəni təqdim edir:
- Hesabı açsanız da, rəqibin ardıcıl 3 qol vurmasına mane ola bilmədiniz. Sonra isə 6 qol vurmaqla qələbəni təmin etdiniz. Hadisələrin bu şəkildə cərəyan etməsi nədən irəli gəlirdi?
- Ona görə də oyunun çətin keçəcəyi məlum idi. Rəqibimiz “vuruşan” komandadı, heyətlərində fərdi oyun planında seçilən futzalçılar var. Hesabda geri düşməyimizə baxmayaraq, toparlandıq, oyunumuzu tapdıq, yekunda isə istəyimizə nail olduq. Bu cür oyunlar çempionatın maraqlı keçəcəyindən xəbər verir. Çünki indiyə qədər izlədiyimiz oyunların hamısında komandalar bir-birinə qarşı sona qədər mübarizə aparıb. Hansısa oyunda asan qələbə qazanacağıq deyə, düşünən yoxdur. Qələbələrimizin ardı gəlsin. Maraqlı oyuna görə “Xəmsə”yə də təşəkkür edirəm.
- Vurduğunuz 4 qolla oyunun taleyini həll etdiniz. Özünüzü matçın qəhrəmanı hesab edirsinizmi?
- Qətiyyən. Bu nəticəni komanda şəklində qazandıq. Qol vurdum-vurmadım, fərqi yoxdur. Vacib olan komandamın qələbə qazanması, xal ehtiyatını artırmasıdır. Mübarizəmizi sona qədər davam etdirəcəyik.
- Debütant olmağınızı hansısa məqamda hiss edirsinizmi?
- Komandamızın əksər üzvləri Yüksək Liqada çıxış etmiş oyunçulardır. Aramızda perspektivli gənclər də var. Debütant olmağımız faktdır, amma heç bir rəqibdən çəkinmirik. Bizim də öz məqsədimiz var və buna çatmaq üçün əlimizdən gələni edəcəyik. Əgər Yüksək Liqada iştirak ediriksə, deməli, burada oynamağa hazırıq. Kimdənsə çəkinməkdən, ehtiyatlanmaqdan söhbət gedə bilməz. Təbii ki, hər bir rəqibə hörmətlə yanaşırıq.
- Çempionata maraq hansı səviyyədədir?
- Əvvəlki illərlə müqayisədə bu mövsüm Yüksək Liqada “Araz” istisna olmaqla bütün rəqiblərə qarşı mübarizə aparmaq mümkündür. Bu da oyunların maraqlı keçəcəyindən xəbər verir. “Araz”ı istisna etməklə onlarla oyunda yenilgi ilə barışacağımızı demirəm. Onlara qarşı da layiqli şəkildə oyun nümayiş etdirəcəyik. Futzaldı, əvvəlcədən heç nə demək olmaz.
- Hazırda çempionatın ən sərrast oyunçususan. Hədəfində bombardir olmaq var?
- Bunun özüm üçün hədəf seçməmişəm. Bombardirin kim olması da maraqlı deyil. Yenə deyirəm, mənim üçün birinci komandamın qələbə qazanmasıdı. Hamımız meydana bunun üçün çıxırıq.
Oxşar xəbərlər
Final matçı öncəsi məşqçilər nədən danışdı?
EKOL-un üzvü: Hadisələr ona doğru getdiyini göstərirdi
Renat Sultanov: “Bu düşüncə ilə meydana çıxanda oyunum alınmır”
Yığmamızın qapıçısı:"Toparlanıb, sözümüzü deyəcəyik"
Fərid Ələkbərov:“Futzal oynadığım vaxtdan bəri bəlkə də ən maraqlı çempionat keçiriləcək”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası