Hollivud aktyoruna bənzərliyi ilə diqqət çəkən çempionumuz:"İdmançı şou biznesdə yox, rinqdə olmalıdır" - FOTO
3 qat dünya çempionu, əməkdar məşqçi Rafiq Xudayev müsahibə verib. Sportfm.az saytı həmin müsahibəni sizlərə təqdim edir.
- Rafiq bəy, idman sahəsinə neçə yaşınızda maraq göstərməyə başlamısız?
- İlk dəfə 8 yaşım olanda idmana başlamışam. İlk öncə sambo daha sonra isə karate, uşu, kik boxinq və kunq fu idman növləri ilə məşğul olmuşam. Təbii ki, idmana həvəs bizim nəsil gənclərin hamısında olduğu kimi döyüş səhnələri olan filmlərdən yaranıb.
- Bu həvəsi sizdə öz filmləri ilə hansı əcnəbi aktyor yaratmışdı?
- Ümumiyyətlə karate idman növü ilə bağlı olan filmlərə baxmağı sevirdim. O filmlərdə də müxtəlif aktyorlar çəkilirdi. Ən çox da Çak Norris.
- Fəaliyyətiniz dövründə bir neçə idman növü ilə məşğul olmusunuz. Hansı idman növündə özünüzü daha rahat, sərbəst hiss edirdiniz?
- Sadaladığım idman növləri bir-birinə çox bənzəyir. Demək olar ki, sambo idman növünü çıxmaq şərti ilə digərlərinin kökü kunq fu idman növünə söykənir.
- İlk uğurunuzu nə vaxt qazandınız?
- İlk dəfə 2014-cü ildə İtaliyada keçirilən dünya çempionatında qalib oldum. Qalibiyyət elə bir hissdir ki, onu sözlərlə ifadə etmək mümkün deyil. İlk növbədə insan sevinc və fərəh hissi keçirir.
- Rəqibiniz kim idi?
- Rəqibim iranlı idmançı idi. Ümumiyyətlə onu deyim ki, kunq fu idman növündə İran idmançıları ən güclülər sırasındadır.
- Kunq fu idman növünə niyə çox az gənc müraciət edir? Ümumiyyətlə bu idman növünün çətinliyi nədədir?
- Bildiyiniz kimi mən həm də "Sarvan" idman klubuna rəhbərlik edirəm. Klubda kunq fu və kikboxinq bölmələri fəaliyyət göstərir. Hər bölmədə kifayət qədər gənc məşğul olur. Əlbəttə bu idman növü ağırdır. Amma digər idman növləri ilə müqayisədə kunq fu ilə məşğul olanlar kifayət qədərdir. Uzun illərdir ki, məşqçi kimi də fəaliyyət göstərirəm. Kifayət qədər tələbələrim var ki, onların içində də həm dünya, həm də avropa çempionları var. Çalışıram ki, tələbələrimlə həm müəllim, həm dost, qardaş və məsləhətçi olum.
- Özünüzə tənqidi yanaşırsınız yoxsa?
- Əlbəttə! Hər bir idmançı rəqibindən daha çox məşq etməli və rəqibi zəif saymamalıdır.
- Hansı döyüşə ürəksiz getmisiz?
- Ürəksiz döyüşə girmək məğlubiyyət deməkdir. Kənardan baxana döyüş asan gəlir. Amma idmanda asan heç nə yoxdur. İdman çox əziyyətli bir həyat yoludur. Ona görə də hər məğlubiyyət çətinliklə insanın yadından çıxır. Hər an yadına düşə bilər və özünü günahlandıra bilərsən. Güclü insanlar məğlubiyyətdən dərs alıb, daha da əzmli olur. Zəiflər isə barışaraq idmandan uzaqlaşır.
- Kunq fu idman növünü gənclərə sevdirmək üçün nə etmək lazımdır?
- İlk öncə onu deyim ki, hər bir şeyi yaxşı təqdim etmək lazımdır. Təqdimatdan, təbliğatdan çox şey asılıdır. Kunq fu idman növünün kökü çox qədimdir, bu idman növü dünyada və Azərbaycanda kifayət qədər tanınır.
- Sonuncu uğurunuz nə vaxt olub?
- Sonuncu dəfə 2017-ci ildə dünya çempionu olmuşam.
- İdman sahəsini nə vaxtsa tərk edərsiniz yoxsa?
- Xeyr, idman artıq həyat tərzimə çevrilib. Özümü idmansız, sağlam həyatsız təsəvvür etmirəm. Mən həm də iqtisadçıyam.
- İdmançıda özgüvən olmalıdır?
- Nəinki idmançıda, hər bir insan özünə güvənməyi bacarmalıdır.
- Bu günkü gündə idmançıların bir çoxu müğənnilərlə çalışır, şou-biznesə can atır. Bu kimi idmançılara münasibətiniz necədir?
- Şou biznesdən tamamilə uzağam. Kim necə istəyir, elə də edir. Mənə elə gəlir ki, idmançı şou biznesdə yox, rinqdə olmalıdır.
- Məşhur Hollivud aktyoru Ceyson Stethemə oxşayırsınız. Bunu sizə deyənlər olub?
- Bəli, bənzədənlər olur, bəzən deyirlər.
- Maraqlıdır, filmə dəvət gəlsə çəkilərsiniz?
- Dəvət gəlsə yəqin ki, düşünərəm. Amma hələ ki, bu barədə düşünməmişəm.
- Rinqdən əlavə bacarığınızı istifadə etdiyiniz yer olub?
- Xeyr, mənə elə gəlir ki, idmançının idman zalında öyrəndiyi fəndlər elə idman zalında da qalmalıdır. Həmişə çalışmışam ki, tələbələrimə də bunu təbliğ edim. Adi həyatda qol gücünə yox, sözə arxayın olmaq lazımdır.

milli.az
Oxşar xəbərlər
"Yerində sayıb dayanmaq olmaz" - “Şöhrət” ordenli idmançımız
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək
İsgəndər Xəlilov və oğlu Azərbaycana əcnəbi idmançı gətirir - “Böyük məbləğ tələb olunur”
4 qat dünya çempionu:"Bir dəfə gecə klubuna davaya girmişəm, söhbəti həll edib, çıxmışam"
Nərgiz Hacıyeva:”Futbol vərdişləri bəs etmir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası