Pillənkəndə "razminka" edənlər və uduzmağı bacarmayanlar -Ölkə çempionatında biabırçı olaylar - QEYD
Foto: Sportfm.az
Ötən gün Olimpik Starda futzal üzrə Yüksək Liqanın növbəti turunun oyunları keçirildi. Günün ilk matçında "Neftçi"İK ilə EKOL üz-üzə gəlirdi. Saat 12:30-da start götürməli olan matçın başlamasına 15 dəqiqə qalsa da, məlum oldu ki, komandalar meydançaya buraxılmır. Buna səbəb isə orda başqa bir komandanın məşq etməsi idi. Futbol matçlarının keçirilməsinə dair qaydalara əsasən, oyundan 30 dəqiqə əvvəl üçün meydançaya çıxmalı olan "Neftçi" və EKOL-un futzalçıları "razminka"larını İdman Kompleksinin pilləkənlərində edirdi. Ən qanqaraldıcı məqam isə ondan ibarət idi ki, federasiya rəsmiləri duruma müdaxilə etmək iqtidarında deyildi. İlk dueldəki yeganə sevindirici məqam, saytımızda gedən yazıdan sonra kubok görüşlərində istifadə edilən cırıq topun başqası ilə əvəzlənməsi idi.
Olimpik Starda günün ikinci görüşü də səbirsizliklə gözlənilirdi. Artıq çempionluğu təmin edən "Araz" ikinci pillədə qərarlaşan debütant "Marafon"la üz-üzə gəlirdi. Gərgin məcrada keçəcəyi ilk dəqiqələrdən hiss olunan oyunun gedişində Azərbaycan futzalının adına utancverici məqamlar yaşandı. Hər şey "Marafon" 2:0 öndə ikən(bu mövsüm Naxçıvan təmsilçisi ilk dəfə idi ki, bu hesabla geriyə düşürdü) Edunun İlkin Hüseynova qarşı kobudluğu ilə başladı. "Araz"ın braziliyalısı rəqibə endirdiyi zərbədən sonra qarşısında qırmızı vərəqə gördü. Yerdə qalan Hüseynov həkim müdaxiləsinə ehtiyac duyduğu zaman isə "Araz"ın və yığmamızın digər üzvü Xətai Bağırov əsəblərini cilovlaya bilməyərək, baş hakim Elçin Məmmədova verdiyi qərara görə söyüş söydü. Oyunboyu qətiyyəti ilə diqqət çəkən Məmmədov onun bu hərəkətini cəzasız qoymadı. Edunun ardınca Bağırov da soyunub-geyinmə otağına yollandı. Oyunda daha bir insident 37-ci dəqiqədə baş verdi. Yığmamızın üzvü, "Araz"ın qollarından ikisinə imza atan İsa Atayev rəqibin futzalçısı Elyas Baratiyə qarşı etdiyi ciddi qayda pozuntusuna görə qırmızı vərəqə aldı. Belə görünür ki, Atayev "Araz"ın qapısına qol vurduqdan sonra sevincini çılğınca qeyd etməsini Elyasa bağışlamamışdı. Matçın sonlarına yaxın isə son illər ölkə çempionatında qapısından ilk dəfə 6 top buraxan Rövşən Hüseynli rəqib futzalçının ona "mejdu nog" atmasına dözə bilməyərək, nümayişkəranə şəkildə onu təpiklə yerə sərməkdən çəkinmədi. Epizoda yaxın olan hakim Hikmət Qafarlı həmin dəqiqə Rövşəni meydandan qovdu. Meydançanı tərk edərkən, öz hərəkətinə haqq qazandıran Hüseynlinin "o kimdir ki, mənə "mejdu noq" atır?" sözləri böyük sual işarəsidi. Qarşılaşmanın bitimində isə daha bir qalmaqal yaşandı. Naxçıvan təmsilçisinin üzvü, yığmamızın daha bir futzalçısı Ramiz Çovdarov matçın gedişində, onun epizodlardan birində meydançada yıxılmasına güldüyünü iddia etdiyi seyricilərdən birinin üstünə hücum çəkdi. Aranı sakitləşdirməyə çalışan federasiya rəsmiləri, azarkeşlər olayın böyüməsinə imkan vermədi. Bu zaman tribunaları tərk edən futzalsevərlərdən birinin "adam uduzmağı da bacarmalıdır" deməsi oyunboyu tüğyan edən olaylara ən uyğun kəlimə idi.
Araz Əhmədov
Oxşar xəbərlər
Kapitanın qarşısında baş əyən kapitan, mükafatını almayan Alesio və "yersiz" medallar - QEYD
"Marafon" "Araz"a mövsümdə ilk məğlubiyyətini yaşatdı
Futzal yığmamıza kimlər dəvət ediləcək? - ÖZƏL
Alesio Da Silva daha neçə matçı kənardan izləyəcək?
Edu qırmızı vərəqə aldı, yığmamızın baş məşqçisi hakimi söydü - QALMAQAL. FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası