Kapitanın qarşısında baş əyən kapitan, mükafatını almayan Alesio və "yersiz" medallar -QEYD
Futzal üzrə Yüksək Liqaya yekun vuruldu. Son turda iki qarşılaşma baş tutdu. Bakı İdman Sarayında keçirilən ilk matçda turnir cədvəlində 3-cü pilləni tutan EKOL-la "Yasamal" üz-üzə gəldi. Mövsümboyu daim heyətini "yeniləyən", futzal federasiyasının "göz yummasından" istifadə edərək, hər dəfə meydançaya yeni oyunçu buraxan ikincilər bu görüşdədə ənənəsinə sadiq qaldı. Oyunun gedişində ötən tur ikinciliyi əldən verən EKOL-un aparıcı futzalçılarından Fərid Atakişiyev, cəzalı durumda olduğu üçün meydana çıxa bilməyən "Yasamal"ın bombardiri, iranlı Mortoza Cahandostun kənardan atmacalarına dözə bilməyərək, ona kəskin şəkildə etirazını bildirdi. Aranı onun komanda yoldaşları və hakimlər sakitləşdirdi. Epizodlardan birində isə Azərbaycan futzalında nadir hadisələrdən biri yaşandı. "Yasamal"ın qapısına yol tapan EKOL-un kapitanı və yığmamızın üzvü Namiq Məmmədkərimov sevincini tribunada əyləşən "Araz"ın və milli komandamızın kapitanı Rizvan Fərzəliyevlə bölüşərək, onun qarşısında baş əydi. Məmmədkərimovun bu hərəkəti arxada qalan mövsümə damğasını vurdu.
Mövsümün son qarşılaşması ikinciliyi təmin edən "Marafon"la bu mövsüm uğursuzluğa düçar olan "Neftçi" arasında idi. İlk hissədən sonra rəqibini 3-0 hesabı ilə məğlub edən debütantın futzalçılarının ikinci hissədə sanki "ayaqları bağlandı". Əvəzində isə qolları ard-arda sıralayan "Neftçi" İK hesabı bərabərləşdirməklə yanaşı, oyunda qalib də gələ bilərdi. Ancaq İlqar Aslanovun yetirmələri iki penaltini dəqiq yerinə yetirməməklə 1 xalla kifayətlənməli oldu.
"Marafon" - "Neftçi" İK görüşündən sonra mükafatlandırma mərasimi təşkil olundu. Boş tribunalar önündə baş tutan tədbirdə Yüksək Liqanın bombardiri Tyaqo Bolinya və komandasına qızıl medalları qazandıran "Araz"ın və millimizin braziliyalı çalışdırıcısı Alesio Da Silva iştirak etmirdi. Elə "Araz"ın digər braziliyalıları Edu və Qallo da çoxdan vətənlərində olduqları üçün medallarına qovuşa bilmədi. Medallardan söz düşmüşkən, Futzal Federasiyası mükafatçılara verdiyi ucuz dəmir parçalarının üzərində, özünə "əziyyət" verməyərək, komandaların tutduğu yeri belə qeyd etməyi lazım bilməmişdi. Qurum rəsmiləri adi, ucuz və Yüksək Liqanın adına yaraşmayan kuboklarla yanaşı, mövsüm ərzində fərqlənən futzalçılara xatirə suvenirlərini belə rəva görməmişdi. Mükafatlandırma marasimi bitdikdən sonra isə bir çox oyunçular medallarını tribunalarda əyləşən azsaylı dost-tanışlarına verdi.
Oxşar xəbərlər
Futzalda "İnqilab", 65-lik çempion - QEYD
Futzal: Qışqıran Edu, qucaqda daşınan Mehran və yaralanan Məmmədov
"Araz" 3 xal qazandı, "Marafon" ilk oyunda qalib gəldi
Futzal Federasiyasında yeni təyinatla bərabər, Yüksək Liqanın püşkü atıldı
Alesionun yeni braziliyalıları və çözülən Faiq Əliyev "düyünü"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası