reklam
Sportfm.az xəbər saytı

"Geniş heyət daha yaxşı nəticə qazanmağa kömək olar" -Tural Allahverdiyev


Alfa Liqanın 2018/19 mövsümü ekvator xəttinə yaxınlaşmaq üzrədir. Birinci dövrədən sonra “play-off”a vəsiqə verən ilk dördlükdəki komandalar artıq məlumdur. Onlardan biri də çempionatın debütantı “Champion Sport”dur. Heyətindəki oyunçulara görə bəlkə də çempionatın ən adlı-sanlı komandası olan debütant çempionluğa da əsas namizədlərdən sayılır. Həmsöhbətimiz komandanın rəhbəri Tural Allahverdiyevdir.

- Tural niyə məhz “Champion Sport”? Olmaya bu adla çempion olacağınıza eyham vurursuz?

- Özüm “Champion Sport” idman malları və avadanlıqları mağazalar şəbəkəsinin direktoruyam. Məhz buna görə də komandaya bu adı verdim.

- Alfa Liqadan necə xəbər tutdunuz? Ötən Alfa Liqanı izləmək imkanınız olmuşdumu?

- Alfa Liqadan hal-hazırda “Zirə”nin qapısını qoruyan Aminin vasitəsilə xəbər tutmuşam. Lakin izləmək imkanım olmamışdı. Əvvəlcə şərikli komanda təşkil etmək fikirindəydik. Lakin sonra Alfa Liqaya tək daxil olmağa qərar verdim.

- Nə üçün komanda yaradıb Alfa Liqada iştirak etmək qərarına gəldiniz?

- İlk olaraq əlverişli reklam xarakteri daşıdığına görə. Bundan əlavə futbola həvəsim olduğu üçün çempionatda iştirak etmək istədim. Mən özüm də əvvəllər futbol oynamışam. Həvəs bundan irəli gəlir.

- Heyətinizdə tanınmış futbolçular yer alır. Belə oyunçuları cəlb etmək çətin olmadı?

- Qeyd etdiyim kimi əvvəllər özüm də futbol oynadığım üçün Murad Ağakişiyev, Elnur Abdullayev, Hüseyn İsgəndərov, Ramal Hüseynov, Akif Hümbətov və daha bir neçə adını çəkmədiyim oyunçularla münasibətim vardı. Bundan əlavə gördüyüm ticarət idman sahəsinə aid olduğu üçün başqa oyunçularla da tanışlığımız yarandı. Misal üçün Nuqzar Kvirtiyanı İlqar Qurbanovun vasitəsilə komandamıza cəlb etmişəm.

- Komandanın hazırkı çıxışından razısınızmı?

- Şükürlər olsun, komandamın hazırkı çıxışından razıyam. Reqlamentə görə “play- off”a dörd komanda çıxacaq. Belə baxsaq tapşırığın 50%-ni yerinə yetirmişik. Lakin Allahın köməkliyi ilə əsas məqsədimiz çempionluqdur.

- Matçlar zamanı çox həyəcanlanırsınız?

- Əvvəlki oyunlarda həyəcan yox idi. Amma sonuncu turda "Peçat Dönər" ilə oyunda hesabda 0:2 geri düşəndə çox həyəcanlandım. Heç “Marafon” və "Uğur"la oyunlarda belə həyəcanlanmamışdım. Allaha şükür olsun ki, sonda qələbə qazandıq. Uşaqlar ələ düşən qol imkanlarını qaçırdıqca xal itirəcəyimiz fikirləri məni həyəcanlandırırdı. Yeri gəlmişkən, fürsətdən istifadə edib bu cür gözəl oyuna və mübarizəyə görə “Peçat Dönər” komandasına təşəkkürmü bildirirəm.

- Alfa Liqada ən çox bəyəndiyin komanda və oyunçu?

- Bəyənmədiyim komanda yoxdur. Ən çox bəyəndiyim komandanın adını çəkməli olsam, “Marafon”u deyərdim. Komanda xeyli vaxtdır qurulub və stabil olaraq məşq edirlər. Oyunçular arasında anlaşma yüksək səviyyədədir. Ən çox bəyəndiyim oyunçuya gəldikdə “Marafon”da çıxış edən Elnur Abdullayevlə, “Uğur”un oyunçusu Seyidrəzi Ağayevin adını çəkərdim.

- İkinci dövrədə "Champion Sport"da yeni oyunçular görə biləcəyikmi? Murad Ağakişiyevin ikinci dövrədə əsas rəqiblərinizdən olan "Uğur"a keçəcəyi xəbəri doğrudurmu?

- Bəli, ikinci dövrədə “Champion Sport”un heyətində dəyişikliklər nəzərdə tutulub. Yeni oyunçular cəlb etmək fikrimiz var. Lakin ad çəkə bilməyəcəm. O ki, qaldı Muradla bağlı suala ola bilər ki, “Ugur” Muradın oyununu bəyənib və onu heyətinə qatmaq istəyir. Lakin Muradın o komandaya keçəcəyini yaxud heyətimizdə qalacağını zaman göstərəcək.

- Alfa Liqada hansı məqamları bəyənirsən və hansı məqamlar səni narazı salır?

- Açıq danışan adamam. Doğrudur Alfa Liqa digər minifutbol turnirlərindən, digər çempionatlardan səviyyə baxımından yaxşı mənada fərqlənir. Çox gözəl təşkil olunub. Lakin urəyimcə olmayan məqamlar da var. Birincisi federasiya tərəfindən Çempionlar Liqasına qalib komandanın yalnız 10 oyunçusunun göndərilməsidir. Federasiyanın limiti ləğv etməklə çempionatın səviyyəsini qaldırmaqda məqsədi beynalxalq turnirlərdə yaxşı nəticə qazanmaqdırsa, o zaman çempion komandanın Çempionlar Liqasına azı 14 oyunçunu göndərməsi yaxşı olardı. Misal üçün yığma komanda qitə çempionatına 14 nəfərlik heyətlə yollanmışdı. Geniş heyət daha yaxşı nəticə qazanmağa kömək olar. Bir də hakimlərin oyunları bir qədər aşağı səviyyədə  idarə etmələrini qeyd etmək istərdim. İnanıram ki, növbəti mövsümdə bu və digər xırda nüanslar öz həllini tapacaq. Sonda isə Alfa Liqanın təşkilində əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm.

Oxşar xəbərlər

Alfa Liqada “Marafon” kimin üçün “Uğur”lu bitəcək?
Alfa Liqada finalçılar bəlli oldu
Bütün komandalar final şansını cavab oyununa saxladı - ALFA LİQA
“Avropada ölkəmiz adına yaxşı nəticə qazanmaq istəyirik” - Alfa Liqa
Eyyub Əliyev: Rəqiblər üçün sürpriz komandayıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər