"Qarabağ" öz gələcəyini niyə məhv edir? -Problem
Azərbaycanda uşaq futbolunun inkişafı ilə bağlı danışan həddindən artıq çoxdur. İş görən isə yoxdur. Oyunlar, rəqəmlər, statistikalar bir-birini əvəz edir, çempionluqlar qazanılır, amma problemlər öz həllini tapmır ki, tapmır. Son illər Azərbaycanın dəyişməz çempionu, Çempionlar Liqasının iştirakçısı olan "Qarabağ" da bu problemlərdən yan keçmir. Ağdam klubunun 19 yaşlılarının Çempionlar Liqasında keçirdiyi oyunlar və qazandığı nəticələr hər kəsə məlumdur. Klubun gəncləri eyni qrupda mübarizə apardıqları həmyaşıdlarının çıxış etdiyi stadionları görüb heyrətə gəlmişdi. Bunun isə bir çox səbəbi var. Həmin səbəblərdən birini Sportfm.az saytı araşdırdı. "Qarabağ"ın 15 yaşlıları artıq uzun müddətdir ki, ev oyunlarını "Sərhədçi" İdman Kompleksinin meydançasında keçirir. Bu həmin meydançadır ki, ölçüləri normativlərə cavab vermir. Bəli, özü də nə az, nə çox - düz 9 metr(eninə 4, uzununa 5). Bəs necə olub ki, AFFA indiyədək buna göz yumub? AFFA tərəfindən Gənclərdən ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının əsasnaməsində hər şey ideal görünür. Əsas müddəaların "Meydança" bölməsində nələr qeyd olunub? - "Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydançalarda keçirilir. Klublar ev oyunlarını keçirəcəkləri meydança ilə bağlı təminat məktubunu UGYTŞ-yə təqdim etməlidirlər. UGYTŞ meydançanı yoxlamağa ehtiyac gördükdə meydançada inspeksiya aparmaq hüququna malikdir. AFFA icazə verdikdən sonra komanda rəqiblərini həmin meydançada qəbul edə bilər. Bir meydançadan maksimum 3 komandanın istifadə etmək hüququ var. Meydança ilə müqaviləni təqdim edən ilk 3 komandanın meydançadan istifadəsinə icazə veriləcəkdir. 4-cü komandanın sənədləri qəbul olunmayacaqdır". Gördüyünüz kimi burada meydançanın ölçüləri ilə bağlı normativlər yoxdur. Bundan istifadə edən "Qarabağ" isə öz gələcəyini məhv edir. Təəssüflər olsun ki, klubun digər yaş qrupları üzrə komandaları keyfiyyətsiz sintetik örtüyə malik "Binə" qəsəbə stadionunu özünə məkan seçib. Və bu komandalardan müvafiq yaş qrupları üzrə yığmalarımıza 20-yə yaxın futbolçu cəlb olunur. Məsələ ilə bağlı müraciət etdiyimiz AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev bunları dedi:"Biz hər mövsümün əvvəlində klubları əsasnamədə göstərilən qaydalarla tanış edirik. Klub bunları yerinə yetirmirsə, bu onların daxili işidir. Təbii ki, biz arzu edərdik ki, "Qarabağ"ın gəncləri standartlara uyğun meydançada oynasın". AFFA-nın işini yalnız klubları qaydalarla tanış etməkdə görən Vəliyevdən bunun üçün niyə nəzarət mexanizminin olmaması ilə sualımıza isə cavab ala bilmədik. Belə görünür ki, "Qarabağ"ın gəncləri hər dəfə xaricə səfər etdikdə, stadionları gördükcə hələ çox gözlərini döyəcək. Dərdimiz təkcə "Sərhədçi" və "Binə" stadionları ilə bitsəydi nə var idiki...Mövzuya qayıdağıq.
Oxşar xəbərlər
Stadionda yas mərasimi - futbolumuz belə öldürülür
İşğaldan azad olunmuş rayonlarda meydançalar salınacaq - AFFA
AFFA potensial şikəstləri necə "yetişdirir"? - DƏRD
“Kəpəz”in meydançası hazırdır - FOTO
"Bakcell Arena"da təmir işləri bitdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası