Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Turan" niyə məğlub oldu?
Əsgər Abdullayev komandasını "Zirə” ilə oyuna yaxşı hazırlamışdı. 3 mərkəz müdafiəçisindən istifadə edən təcrübəli məşqçi Səbail Bağırovu da ilk dəfə bu mövqeyə qoymuşdu.

"Zirə”nin baş məşqçisi Adil Şüküroun da bəzi dəyişiklikləri diqqət çəkirdi. Qapıçı Kamal Bayramov bu mövsüm debüt oyununa çıxırdı, hücumun sivri ucunda Gerhard Proqnı yer almışdı, müdafiənin sağ cinahında isə Adil Nağıyevi Tural Cəlilov əvəzləmişdi.

İlk dəqiqələrdən tovuzluların həyəcanlı olduqları hiss olunurdu ki, nəticədə də onlar rəqib hücumları qarşısında çətinlik çəkirdilər. Lakin tədricən özünü ələ alan meydan sahibləri inamla müdafiə olunmağa başladılar. "Zirə”nin "əsas silahı” sürətli əks-hücumlar olduğundan onlar bu cür müdafiə olunan "Turan Tovuz”a qarşı oynamaqda çətinlik çəkirdilər. Bəli, qonaqlar topa nəzarət edir və rəqibin cərimə meydançasının yaxınlığınadək sərbəst irəliləyirdilər. Lakin bundan sonra "Zirə”nin heç bir fərqli gedişi ortaya çıxmırdı və hücum yalnız cərimə meydançasına asmalarla yekunlaşırdı. Burada isə Əsgər Abullayevin komandasını 3 mərkəz müdafiəçisi ilə oynatması "Zirə”yə qol imkanı yaratmağa imkan vermirdi. Düzdür, Tovuz təmsilçisi rəqibə ustalıq səviyyəsində və sürətdə uduzduğundan əks-hücumlara çıxmağı da yaxşı bacarmırdı, amma hər halda qapısını da toxunulmaz saxlaya bilirdi.
Gözləmək olardı ki, ikinci hissəyə Adil Şükürov hansısa dəyişikliklərlə başlayacaq. Amma onun yeganə dəyişikliyi Nurlanı hücumun mərkəzinə, Proqnını isə sağ cinaha çəkmək oldu ki, bu gediş də heç bir nəticə vermədi. İkinci hissə də eyni ssenari ilə keçirdi. Artıq "Zirə”nin real təhlükə yarada bilmədiyini görən "Turan Tovuz” daha cəsarətli əks-hücumlar qurmağa başladı. Hətta 57-ci dəqiqədə Qərb təmsilçisinin qol vurmasına Kamal Bayramov və qapı dirəyi mane oldu.
Bundan sonra Adil Şükürov Cavid Tağıyevi Aleksandr Şemonayevlə əvəzləyərək, Şaşanı müdafiənin, Təmkini isə yarımmüdafiənin sol cinahına çəkdi. Lakin bu da "Zirə”nin hücumlarında xüsusi fərqlilik yaratmadı. Qonaqlarda yalnız Duriçin uzaqdan 2 təhlükəli zərbəsi yadda qaldı ki, hər iki halda da "Turan Tovuz”un qapıçısı Natiq Səhrətov yaxşı oynadı.
Artıq oyunun gedişatı əsas vaxtın heç-heçə bitməsinə doğru aparırdı. Lakin zirəlilər 80-ci dəqiqədə gözlənilmədən hesabı aça bildilər. Ona görə "gözlənilmədən” deyirəm ki, tovuzlular "Zirə”nin künc zərbəsini "zərərsizləşdirdilər” və bu zaman komandanın hücumçusu Rəhman Musayev rəqiblə toqquşmada yerdə qaldı. Bir anlıq Tovuz futbolçuları, eləcə də qonaqların bir çox oyunçusu dayandılar. Amma Proqnı heç nəyə baxmayaq, topun arxasınca getdi və cərimə meydançasına daha bir ötürmə etdi. Burada isə Aleksandr Şemonayev kürəyi ilə olsa da, topa toxunaraq, qələbə qoluna imza atdı. Beləliklə, matç ərzində döyüşkən, əzmkar oyun nümayiş etdirən "Turan Tovuz”un sensasiya etmək imkanı əldən çıxdı.
Samir Vəliyev, futbol eksperti
Oxşar xəbərlər
"Zirə" "Turan Tovuz"la heç-heçə etdi
Qriqorçuk Qurbanovu nədə üstələdi?
"Neftçi" "İnter"i necə cəzalandırdı?
"Kəpəz" nədə səhv etdi?
"Kəpəz" kubokda niyə məğlub oldu?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası