reklam
Qriqorçuk Qurbanovu nədə üstələdi?
Sportfm.az xəbər saytı

Qriqorçuk Qurbanovu nədə üstələdi?


"Qəbələ”də əsas problem 3 mərkəz müdafiəçisinin yoxluğu ilə bağlı idi. Gözləmək olardı ki, Roman Qriqorçuk bu mövqedə bir neçə dəfə güvəndiyi Ürfan Abbasova və ya Murad Musayevə şans verəcək. Lakin təcrübəli mütəxəssis gözlənilməz gediş edərək, Rəşad Sadiqovu müdafiənin mərkəzinə çəkmişdi. Qeyd edim ki, bir dəfə Berti Foqts da yığmada Rəşadı həmin mövqedə oynatmışdı.

Ümumiyyətlə, Qriqorçuk daha hücumameylli və yaradıcı futbolçulara güvənmişdi. Bu baxımdan kapitan Cavid Hüseynovun da üzərinə xüsusi yük düşürdu. Belə ki, hücumlar zamanı Cavid bir qədər önə çıxır və "Qəbələ” 4-1-4-1 sxeminə keçirdi. Bundan başqa, Ozobiçin müxtəlif mövqelərdən irəli atılaraq, hücumda Subotiçə kömək etməsi də qeyd olunmalıdır.
 

Qurban Qurbanov isə meydanın mərkəzini rəqibə uduzmamaq üçün 4-2-3-1 sxeminə üstünlük vermişdi. Üstəlik, Miçel də tez-tez Qara ilə Riçarda kömək etməli olurdu. Əsas dəyişiklik isə hücumun sivri ucunda Dinonun qərarlaşması və bu üzdən Mahir Mədətovun sağ cinahda oynaması ilə bağlı idi. Müdafiə isə son 3 turdakı kimi eyni dördlükdən təşkil olunmuş, Maksim Medvedev kapitan kimi müdafiənin mərkəzində yer almışdı.

İlk dəqiqələrdən "Qəbələ” "Qarabağ”a böyük təzyiq göstərir, hətta rəqibin müdafiə xəttinə belə pressinq tətbiq edirdi. Qurban Qurbanovun yetirmələri oyunu heç cür öz cərimə meydançalarından uzağa daşıya bilmirdilər. Nəticədə "Qəbələ”nin böyük üstünlüyü hiss olunurdu. Lakin bu üstünlük real qol epizodunun yaradılması ilə nəticələnmir, bir çox hallarda faydasız olurdu.

Oyunun gedişindən heç cür razı qalmayan Qurban Qurbanov vəziyyəti düzəltmək üçün dayaq yarımmüdafiəçiləri – Qara Qarayevlə Riçard Almeydaya daha öndə oynamağı tapşırdı. Bundan sonra təxminən 20-ci dəqiqədən etibarən "Qarabağ” özünə gəlməyə, oyunu bərabərləşdirməyə başladı. Lakin komanda hücumda lazımınca çoxala bilmirdi. Nəticədə də "Qarabağ”ın oyununda həm rəngarənglik çatışmır, həm də rəqibin müdafiə xəttinə lazımınca təzyiq göstərilmirdi. 

Qriqorçukun yetirmələri oyunboyu xoş təsir bağışlayırdı. Onlar topu saxlamadan dərhal ötürmələr edir, rəqibin müdafiəsini müxtəlif nöqtələrdən yararaq, ani hücumlar qurmağa çalışırdılar. Məhz belə hücumların birində də Zenyov hesabı açmağı bacardı.

Qoldan sonra üstünlük "Qarabağ”ın tərəfinə keçdi. Bu duruma "Qəbələ” də razılaşaraq, oyunu sürətli əks-hücumlar qurmağa çalışdı. Lakin tərəflərin cəhdlərinə baxmayaraq, hissənin sonlarınadək hesab dəyişmədi.

İkinci hissəyə də "Qarabağ” fəal başladı. Amma "Qəbələ” yarımmüdafiə xəttində rəqibə çox ciddi müqavimət göstərir, müdafiədə də diqqətli oynayırdı. Hücumda isə Subotiçin oyununu qeyd etmək lazımdır. İsveçrəli forvard hücumun müxtəlif mövqelərində peyda olur, gövdəsi ilə top saxlamağa çalışır, hündür boyundan istifadə edərək hava mübarizələrinə girişir, eyni zamanda təkbətək mübarizələrdə çox yaxşı təsir bağışlayırdı. Bir sözlə, Subotiç "Qarabağ”ın müdafiəçilərini daim gərginlikdə saxlayır, onların "nəfəs almasına”, hücumlara dəstək verməsinə mane olurdu.

Oyunu xilas etməyə çalışan Qurban Qurbanov 60 və 65-ci dəqiqələrdə müvafiq olaraq Qara Qarayev – Coşqun Diniyev və Muarem Muarem – Əfran İsmayılov dəyişikliklərinə getdi. Bundan sonra Əfran yarımmüdafiənin sağında qərarlaşdı, Mahir isə sol cinaha keçdi. Məqsəd yarımmüdafiə xəttini gücləndirmək və daha rəngarəng, geniş kombinasiyalı hücumların qurulmasını təşkil etmək idi. Lakin Qurban müəllimin düşündükləri həyata keçmədi. Bunun da əsas səbəbi o idi ki, Qriqorçuk rəqibi çox yaxşı analiz etmişdi və onun yetirmələri taktiki tapşırıqları yüksək səviyyədə yerinə yetirirdilər. Nəticədə qəbələlilər "Qarabağ”ın ötürmələrini, hansı gedişlər edəcəklərini, hücumu necə quracaqlarını oxuya bilir, rəqibə təhlükəli qol epizodları yaratmağa imkan vermirdilər. Üstəlik, top meydan sahiblərində olduqda onlar daim boşluqları tapır və gözlənilməz ötürmələrlə bu boşluqlardan yararlanmağa çalışırdılar. 68-ci dəqiqədə də belə boşluqdan yararlanan "Qəbələ” Kvekveskirinin ötürməsi və Ozobiçin qapıçı ilə dueldən qalib ayrılması nəticəsində 2-ci topu vurdu.

Gözləmək olardı ki, 0:2-dən sonra Qurban Qurbanov riskə gedərək, məsələn, Miçel- Vüqar Nadirov dəyişikliyi ilə Mahir Mədətovu da Dino ilə birlikdə hücumun mərkəzinə çəkəcək və komandasını 4-4-2 sxemi ilə oynadacaq. Lakin təcrübəli mütəxəssis 3-cü əvəzetmədən istifadəyə ehtiyac duymadı. Komandası isə bir neçə dəqiqə çalışaraq, oyunda dönüş etməyə çalışdı. Lakin "Qəbələ” müdafiədə düzgün oynayaraq, rəqibə boşluq vermədi. Son 10 dəqiqədə isə artıq "Qarabağ” da sanki ruhdan düşərək, təzyiqi azaltdı. Nəticədə qəbələlilər daha da rahat oynayaraq, 2:0-ı qorumağı və turnir cədvəlində liderliyi ələ keçirməyi bacardılar.

Samir Vəliyev, futbol eksperti (Extratime.az)

Oxşar xəbərlər

"İnter" niyə məğlub olub?
Şahin Diniyev harada səhv etdi?
Qurbanov Abdullayevə nədə uduzdu?
Qriqorçuk nədə səhv etdi?
"Kəpəz" nədə səhv etdi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər