Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şahin Diniyev harada səhv etdi?
"Kəpəz”də Şahin Diniyev bəzi dəyişikliklərə əl atmışdı. Son 3 oyunda 8 top buraxan Tadas Simaitisin yerinə mövsümdə ilk dəfə Davud Kərimiyə şans verilmişdi. Serjinyo ehtiyatda qalmışdı, müdafiənin mərkəzində isə ilk dəfə Şəhriyar Əliyev-Azad Kərimov tandemi yer almışdı. Bundan başqa kapitan Tural Axundovun yenidən dayaq yarımmüdafiəçisi mövqeyinə çəkilməsi və bununla da mərkəzdə 2 müdafiə planlı futbolçunun çıxış etməsi rəqibin yaradıcı yarımmüdafiə xəttinin qarşısını almaq məqsədi daşıyırdı.

"Qarabağ”da isə Mahir Mədətovun 4 turluq fasilədən sonra start heyətində yer alması və Dinonun ehtiyatda qalması diqqət çəkirdi. Muarem Muarem isə 5 turluq fasilədən sonra yenidən ilk 11-liyə qayıtmış və yarımmüdafiənin solunda qərarlaşmışdı. Belədə qış fasiləsindən sonra bütün matçlarda həmin mövqedə oynamış Ağabala Ramazanov ehtiyatda öz şansını gözləməli idi.

Hər 2 komanda oyuna gözlənildiyi kimi başladı. "Qarabağ” ilk dəqiqələrdən rəngarəng hücumlar qurmağa çalışaraq rəqib qapısı qarşısında təzyiq yaradırdı, "Kəpəz” isə böyük qüvvə ilə müdafiə olunaraq, sürətli-əks hücumlara bel bağlayırdı. Lakin palçıqlı meydançanın çox ağır olması hər 2 komandaya öz planlarını həyata keçirməyə mane olurdu. Xüsusilə Qurban Qurbanovun yetirmələri heç cür özlərinə xas kombinasiyalı oyunu göstərə bilmədiklərindən fərdi oyuna daha çox meyl edirdilər. Nəticədə isə gəncəlilər onların qarşısını kəsə bilirdilər. Eyni zamanda sürətli əks-hücumlar qurmağı düşünən "Kəpəz”in də planı meydançanın bərbad durumu səbəbi ilə alınmırdı. Bir sözlə, matçın qolsuz heç-heçə ilə başa çatmaq ehtimalı yüksək idi.
Fasilədə Qurban Qurbanov hücumu gücləndirmək üçün Əfranı Dino ilə əvəzlədi. Bundan sonra Mahir sağ cinaha çəkilməli oldu. Lakin bu dəyişikliyin hücumun güclənməsi ilə nəticələndiyi demək çətindir. Əksinə, "Qarabağ” ilk yarıda bəlkə də daha yaxşı təsir bağışlayırdı. Xüsusən Mahirin sağ cinahda heç cür effekt vermədiyini qeyd etməliyəm. Dino meydana çıxırdısa, 2 hücumçulu sistemə keçmək daha yaxşı olardı. Çünki Mahir Mədətov cərimə meydançası daxilində daha faydalıdır. Elə vurulan yeganə qol da bunu sübut edir. Əvvəlcə sol cinahdan asma zamanı cərimə meydançası daxilində Şəhriyar Rəhimovla mübarizədə yerdə qalan Mahir epizoddan qopmadı və İlqar Qurbanovun təkrar ötürməsinə yetişərək, başla hesabı açdı.
Qoldan sonra daha rahat oynayan "Qarabağ” üçün hesabı qorumaq çətin olmadı. Topa nəzarət edən qonaqlar hətta növbəti dəfə fərqlənmək üçün şanslar da qazandılar. "Kəpəz” isə oyunu xilas etmək üçün cəhd göstərə bilmədi. Ümumiyyətlə, gəncəlilər matç boyu əzmkarlıqları, döyüşkənlikləri ilə yadda qaldılar. 0:1-dən sonra qol vurmaq lazım gəldikdə isə "Kəpəz” hücum planında xeyli axsadığından ciddi nə iləsə yadda qalmadı. Şahin Diniyevin əvəzetmələri də nəticəsiz qaldı. Taktiki sxemi dəyişməyə ehtiyac görməyən təcrübəli mütəxəssisin Ceyhun Cavadov, Tural Rzayev və Serjinyonu meydana buraxması komandasının oyununda hər hansı müsbət dəyişikliyə səbəb olmadı.
Samir Vəliyev, futbol eksperti (Extratime.az)
Oxşar xəbərlər
"Neftçi" 8-ci qələbəsini necə qazandı? - TAKTİKİ TƏHLİL
Qriqorçuk Qurbanovu nədə üstələdi?
Qriqorçuk nədə səhv etdi?
"Kəpəz" nədə səhv etdi?
"Kəpəz" kubokda niyə məğlub oldu?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası