Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"İnter" niyə məğlub olub?
Hər 2 komanda həmişəki taktiki sxemləri və optimala yaxın heyətlə meydana çıxmışdılar. Maraqlıdır ki, həm "İnter”in, həm də "Qəbələ”nin heyətində eyni səbəblə yalnız bir dəyişiklik diqqət çəkirdi. Belə ki, Zaur Svanadze cəzalı Fuad Bayramovun yoxluğunu doldurmaq üçün Adrian Skarlatakeni dayaq yarımmüdafiəçisi mövqeyində oynadırdı.

"Qəbələ”də isə "Kəpəz”lə görüşdə qırmızı vərəqə almış Nika Kvekveskirinin əvəzinə Teo Uiks ilk 11-liyə salınmışdı. Qeyd edək ki, Uiks sonuncu dəfə 8 tur əvvəl – "Qarabağ”la görüşdə (1:2) start heyətində oynamışdı.

İlk dəqiqələrdən "Qəbələ” üstünlüyü ələ keçirərək, çoxsaylı xırda ötürmələrdən istifadə edir, müxtəlif zonalardan rəqibin müdafiəsini yarmağa çalışırdı. "İnter” isə sıx müdafiə olunduğundan qonaqlara boş zona vermirdi. Eyni zamanda "İnter” topu ələ keçirən zaman öz oyun üslübunu ortaya qoymağı, oyunu cinahlara "açmağı” bacarmırdı. Çünki Qriqorçuk rəqibin belə oyun üslubunun qarşısının alınması üçün yetirmələrinə xüsusi tapşırıq vermişdi və buna görə də qəbələlilər pressinqdən istifadə edərək, rəqibin müadafiədən oyun qurmasını, eləcə də cinah hücumlarını az qala "iflic etmişdi”. Belədə "İnter” qol vurmaq üçün əsasən standart vəziyyətlərə bel bağlamalı olurdu.
Roman Qriqorçukun daha bir göstərişi futbolçularına fürsət düşdükdə fərdi bacarıqlarından istifadə etməyi tapşırması ilə bağlı idi. Ukraynalı mütəxəssis yaxşı başa düşürdü ki, "İnter”in belə sıx müdafiəsini yarmaq çətindir və buna görə də fərdi keyfiyyətləri yüksək olan futbolçuların hesabına rəqibə çətin anlar yaşatmaq və oyun intizamını pozmaq olardı. Həqiqətən də qəbələlilər zaman-zaman fərdi bacarıqlarının hesabına rəqibə təhlükəli anlar yaşadırdılar. Lakin "İnter”lilər əzmkarlıq göstərərək, ilk yarının sonlarınadək qapılarını toxunulmaz saxlamağı bacardılar.
İkinci hissəyə də yenə "Qəbələ” fəal başladı. Qonaqlar çox vaxt itirmədən tezliklə onlara lazım olan qolu vurmağa çalışırdılar. Elə Qriqorçuk da 53-cü dəqiqədə oyuna müdaxilə edərək, Arazı Asiflə əvəzlədi və sanki yetirmələrinə də oyunun taleyini tezliklə həll etmək tapşırığı vermiş oldu.
Cavab gedişinə əl atan Zaur Svanadze isə 2 cinah yarımmüdafiəçisi – Nizami Hacıyevlə Mirsahib Abbasovu müvafiq olaraq Samir Zərgərov və Pərdis Fərcad-Azadla əvəzlədi. Gürcü məşqçinin məqsədi "yeni qan” hesabına həm rəqibin cinahdakı təzyiqinin qarşısını almaq, həm də əks-hücumlar zamanı komandasının daha effektiv oynamasını təmin etmək idi.
63-ci dəqiqədə məcburiyyətdən Rasim Ramaldanov-Rəşad Sadiqov dəyişikliyə gedən Roman Qriqorçuk 70-ci dəqiqədə Sergey Zenyovun əvəzinə "son kozırını” – Baqali Dabonu meydana buraxdı. Bu dəyişiklikdən cəmi 1 dəqiqə sonra "Qəbələ”, nəhayət, arzuladığı qolu vurdu. Düzdür, qol Dabonun qərarlaşdığı sol cinahdan yox, əks cinahdan təşkil edilən hücum nəticəsində vuruldu. Bununla belə, "cinah müharibəsi”ndən məhz qəbələlilərin qalib çıxdığını qeyd etmək lazımdır. Xüsusilə qolun müəllifi olan olan gənc Tellur Mütəllimovu çox yaxşı təsir bağışladı. Matçboyu sağ cinahda yorulmadan irəli-geri gedən Tellur qol epizodunda da hücuma kömək etmək üçün rəqibin cərimə meydançasına daxil oldu və Səlahətin əlindən çıxan topu tora qovuşdurdu.
Artıq 0:1-dən sonra "İnter” hücuma daha çox diqqət ayırdı ki, nəticədə də müdafiədə bir qədər konsentrasiyanı itirdi. Nəticədə Subotiç daha bir qol vuraraq, "Qəbələ”nin 2:0 hesablı qələbəsini təmin etdi.
Samir Vəliyev, futbol eksperti, Extratime.az
Oxşar xəbərlər
"Neftçi" 8-ci qələbəsini necə qazandı? - TAKTİKİ TƏHLİL
Qriqorçuk Qurbanovu nədə üstələdi?
"Neftçi" "İnter"i necə cəzalandırdı?
Qriqorçuk nədə səhv etdi?
"Kəpəz" kubokda niyə məğlub oldu?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası