reklam
Olimpiya Oyunlarına ilk lisenziya ağır atletika yığmamızdan gəldi!
Sportfm.az xəbər saytı

Olimpiya Oyunlarına ilk lisenziya ağır atletika yığmamızdan gəldi!


Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyi başa çatıb. Böyük nüfuza malik, yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak etdiyi birincilik gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyıb. Belə ki, Banqkokda yığmalar səviyyəsində ən yaxşı çıxış edən komandaların indidən Olimpiya lisenziyası qazanmaq şansı yaranıb. Azərbaycan bu şansdan yetərincə yararlana bilib.

Sportfm.az xəbər verir ki, hər ölkə maksimum 2 lisenziya əldə etmək üçün müəyyən xal ehtiyatına malik olmalı idi. Dünya birinciliyində hər bir atlet əldə etdiyi medalla yanaşı, öz ölkəsinin xal ehtiyatını müvafiq olaraq artırır. 1-ci yeri tutan ağır atlet 28, 2-ci yeri tutan 25, 3-cü yeri tutan 23 xal, bundan sonrakı bütün yerlərə görə isə bir xal azalma prinsipi ilə xal qazanılır: 4-cü yer 22, 5-ci yer 21 xal...və nəhayət, 25-ci yer 1 xal. Yarışda bütün çəki dərəcələri üzrə mübarizə bitdikdən sonra xal ehtiyatı ən çox olan 7 ölkə 2, sonrakı 10 ölkə isə 1 komanda lisenziyası əldə edə bilirdi. Əlavə edək ki, xal hesabı ölkənin yarışda iştirak edən 6 ən yaxşı atletinin qazandığı xala əsasən aparılırdı.

Dünya birinciliyində iştirak edən Azərbaycan yığması da Tailanda məhz lisenziya dalınca yollanmışdı. Sevindiricidir ki, komandamız bu işin öhdəsindən gələ bildi. Yeniyetmə atletlərimizin tutduğu yer və qazandırdıqları xal siyahısı belə idi:

NAdıÇəkiYerXal
1.İsmayıl Məmmədov56 kq1610
2.Elməddin Hüseynov56 kq818
3.Elvin Abdullayev62 kq251
4.Füqan Əliyev      62 kq719
5.Mayıl Şükürlü      77 kq1511
6.Tarmenxan Babayev77 kq1016
7.Ümidvar Bayramlı94 kq1016
8.Həsənbəy Həsənzadə+94 kq179


Azərbaycan yığmasına ən çox qazandıran 6 atletin ümumi xalı 90 oldu. Bu xallarla komandamız dünya birinciliyinin ümumi sıralamasında 9-cu yeri tutdu və Yeniyetmələrin Olimpiya Oyunlarına 1 lisenziya qazanmış oldu.

Yeniyetmələrdən ibarət yığma komandamızın əldə etdiyi bu nəticə çox sevindiricidir. İlk növbədə qeyd olunmalıdır ki, lisenziya 2001-02 təvəllüdlü yeniyetmələrimiz tərəfindən qazanılıb. Baxmayaraq ki, gələn il Oyunlarda 2000-ci il təvəllüdlü atletlər də mübarizə apara biləcək. Bu, özündən bir yaş böyüklərlə yarışda uğur qazanan yeni nəslin böyük perspektivə malik olmasından xəbər verir.

Bununla yanaşı, yeniyetmələrimizin ağır atletikanın milli idman növü səviyyəsində olan Ermənistanı qabaqlaması xüsusi vurğulanmalıdır. Eyni zamanda Ukrayna, Gürcüstan, Şimali Koreya, Rumıniya və başqa bu kimi güclü ölkələri arxada qoymağımız da qeyd olunmalıdır.

Tailanddakı yarışda medal qazanıb, lisenziya əldə edə bilməyən ölkələrin olması yığma komanda olaraq seçilən taktikanın düzgün olduğundan dəlalət edir. Azərbaycan ağır atletika yığması tarixində ilk dəfə dünya birinciliyində topladığı xal hesabına Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazandı. Buna qədər yalnız Avropa birinciliyindən bu şansa malik olmuşduq.

Və ən əsası, qazanılan bu lisenziya Azərbaycanda bütün növlər üzrə Yeniyetmələrin Buenos-Ayresdə keçiriləcək Olimpiya Oyunlarına qazanılan ilk lisenziyadır! Bu şərəfə məhz ağır atletlərin nail olması bizi çox sevindirir.

Əlavə edək ki, Azərbaycan yığması gələn il qitə birinciliyində komanda hesabında ilk 4 yerdən birini tutmaqla daha bir lisenziyaya sahib çıxa bilər.

Son olaraq, yeniyetmə ağır atletlərdən ibarət milli komandamızın hər bir üzvü, məşqçilər, texniki heyət, rəhbərliyimizi bu uğur münasibətilə təbrik edir, qələbələrimizin davamlı olmasını arzulayırıq!

Oxşar xəbərlər

Boksçularımız Dünya Olimpiya Təsnifat turnirinə qatılacaq
İdmançımız Olimpiya oyunlarına vəsiqə qazandı
Daha bir ağırlıqqaldıranımıza lisenziya verildi
Azərbaycanlı ağır atlet Avropa çempionu oldu - FOTO
İdmançılarımız lisenziya xarakterli turnirdə qüvvəsini sınayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər