Ölkə çempionu olan məşqçi: Kənar adam gəlib uşaq futbolunda çalışmamalıdı -MÜSAHİBƏ
Azərbaycanda uşaq futbolunun inkişaf etməsində məsuliyyət daşıyan şəxslərdən öndə gələnləri kiçikyaşlılarla çalışan mütəxəssislərdir. 1967-ci ildən fəaliyyət göstərən "Vətən" futbol məktəbində uşaq məşqçilərinin peşəkarlığına xüsusi diqqət yetirilir. Son mövsümdə məktəbin 11 yaşlıları ölkə çempionu oldu. Bu komandanın çalışdırıcısı Samir Əbdürrəhmanovun ilk belə uğuru deyil. Mütəxəssisin rəhbərlik etdiyi komanda 2017-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən futbol üzrə beynəlxalq turnirdə qalib adını qazanıb. Sportfm.az saytına müsahibəsində gənc məşqçi uğur düsturunu açıqladı: Ötən il finalda məğlub olduq. Rəqibimiz yenə İslam Kərimovun baş məşqçisi olduğu "Neftçi" idi. Bu mövsüm isə qızıl medalları qazanacağımıza bir an belə şübhə etmədim. Uşaqları da buna inandıra bildim. Biz çox çətin və ağır bir yol keçmişik. Mövsümboyu stabil çıxış etmişik. "Neftçi" də güclü komandadı. Heyətlərində xeyli sayda istedadlı uşaq var.
- Oyunu izləyənlər bildirir ki, 11 yaşlıların çıxışı Premyer Liqa komandalarının matçlarından daha baxımlı idi.
- Düzünü demək lazımdır ki, meydanda həddindən artıq gərgin mübarizə getdi. Baxımlı qollar vuruldu, sürət də pis deyildi. Bu yaşda uşaqların belə oynaması bizləri sevindirir. Bu balalar Azərbaycan futbolunun gələcəyidir. Ola bilər ki, gələcəkdə onların arasından adlı-sanlı futbolçu çıxsın. Biz bunun üçün işləyirik. Rəhbərliyin də böyük diqqət və qayğısını daim hiss edirik. Məqsədimiz ölkə futbolunun inkişafına fayda verməkdi.
- Xüsusilə qeyd edə biləcəyiniz futbolçu var?
- Belə uşaqlar var, ancaq mən adlarını çəkməyəcəm. Onlar öz üzərlərində işləməlidi.

- Bəzən deyirlər ki, azərbaycanlıların genetikasında futbol yoxdur. Bu həqiqətən belədir?
- Bu fikirlə qətiyyən razı deyiləm. Bəyəm, "Alaniya"nı təkbaşına çempion edən Nazım Süleymanov, "Betis"də adından söz etdirən Vəli Qasımov, Ukraynada iz qoyan Samir Əliyev, İsraildə başarılı olan Şahin Diniyev bizdən deyil? Mən hələ sovet dönəmindən danışmıram. Uşaq futbolunda çalışan məşqçilərdən çox şey asılıdı. Biz istedadlı uşaqları axtarıb tapmalıyıq, onları komandalara cəlb etməliyik. İşimizi düzgün qurmalıyıq, özümü də inkişaf etməliyik, öz üzərimizdə çalışmalıyıq. Hər şey uşaq futbolundan başlayır.
- Avropada uğurla çıxış edə biləcək futbolçu yetişdirmək üçün nə lazımdır?
- Bunun üçün uşaq məşqçiləri xarici klublarda təcrübə keçməlidi. Kiçikyaşlı uşaqlardan ibarət komandalar tez-tez ölkə xaricində baş tutan beynəlxalq yarışlarda iştirak etməlidi. Uşaqlarla işləyən məşqçilərlə bağlı ciddi kriteriyalar olmalıdı. Kənar adam gəlib uşaq futbolunda çalışmamalıdı. Bu yolverilməzdi. Təşkilati işlər mükəmməl olmalıdı. Müxtəlif bölgələrimizdə futbol akademiyaları açılmalıdı. Bunlar həyata keçərsə, gələcəkdə Avropanın yaşlı meydanlarında xeyli sayda azərbaycanlı futbolçu görə bilərik.
Qeyd edək ki, 2017-ci ildə Avstriyanın paytaxtı Vyanada baş tutan “Champions Trophy” turnirinin final mərhələsinə vəsiqə qazanan Əbdürrəhmanov idmançıların hazırlanmasında və yeniyetmələrin futbola cəlb olunmasında göstərdiyi səmərəli fəaliyyətə görə Təhsil Nazirliyi tərəfindən fəxri ada layiq görülüb.
Oxşar xəbərlər
Samir Əbdürrəhmanov 35! - Bu gün onun ad günüdür
Rusiya klubundan azərbaycanlı məşqçiyə təklif var - ÖZƏL
"Vətən" Türkiyədə vətənimizi təmsil edəcək - FOTO - VİDEO
"Vətən"in məşqçisi Rusiya "Lokomotiv"ində - FOTOLAR
“Vətən”in məşqçisi Təhsil Nazirliyi tərəfindən mükafatlandırıldı - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası