reklam
AFFA-nın 15 manatlıq
Sportfm.az xəbər saytı

AFFA-nın 15 manatlıq "top oyunu" -MƏHV EDİLƏN GƏLƏCƏK


Azərbaycanda uşaq futboluna diqqət çox yetərsizdi. Bu uzun illərdi belədi. Təəssüflər olsun ki, SSRİ-nin dağılmasından sonra bu sahə AFFA tərəfindən qətiyyən inkişaf etdirilməyib. Ümumiyyətlə isə inkişaf bir yana qalsın, bu sahədə ciddi geriləmələr var. Düzdür, hesabat xatirinə yarışlar təşkil edilir, müəyyən alayarımçıq layihələr həyata keçirilir. Amma dediyim kimi və hər kəsin də bildiyi kimi, bütün bunlar ancaq hesabat üçündü. Reallıqda isə vəziyyət dözülməzdi. 

Hardan başlayacağımı bilmirəm...

Azərbaycanda qadın futbolu deyilən bir nəmənə var, adı var, özü isə yoxdu. AFFA sintetika üzərində liqalar təşkil edərək işini bitmiş sayır, klublar bu işə dırnaqarası baxır, qızlar futbolla həvəskar məşğul olur. Elə ona görə müxtəlif yaş qrupları üzrə yığmalarımız beynəlxalq oyunlarda meydana çıxanda onları topla döyürlər. Mən hələ yığmalara cəlb edilən kimliyi bilinməyən futbolçulardan, tapşırıqla oynayanlardan, millidəki biabırçı hadisələrdən bəhs etmirəm. Bir sözlə ölkədə qadın futbolu deyə bir şey yoxdur, sadəcə adı var. 

Torpaqda oynamağa məhkum olanlar... 

AFFA-nın bayrağı altında bölgələrdə keçirilən uşaq liqalarını seyr etsəz şoka düşərsiz. Çayır, toz-torpaq, ən yaxşı halda asfalta dönmüş sintetik meydançalarda top qovan ölkə futbolunun "gələcəyi", gələcək gəlmədən federasiya sayəsində məhv olur. Olmayan buz kimi soyunub-geyinmə otaqları, səriştəsiz gənc hakimlər, ağlasığmaz qərarlar, isti su üzü görməyən, cırıq formalarda, deşik "ketalar"da futbolçu olmaq istəyən kasıb balaları...budur real mənzərə, budur real görüntü. Bu ölkənin futbolunun gələcəyi AFFA üçün maraqlı deyil, maraqlı olan yarışı keçirib, hesabatda yuxarılara "keçirildi" yazmaqdı. 

Sürgün edilən balalar...

Artıq ikinci ildir ki, AFFA müxtəlif yaş qrupları Respublika Çempionatının matçlarını Hövsanda(???) FHN-nin İdman Arenasının sintetik örtüklü meydançasında keçirir. Federasiya köhnə "Neftçibaza"dan "başbilənlərin" arasındakı soyuqluğa görə komandaları bura sürgün edib. Düzün ortasında, küləkli havada tir-tir əsən uşaqlara ilk altı ay ümumiyyətlə ehtiyat oyunçular skamyası belə verilmədi. Daha sonra ordan-burdan meydançaya gətirilən yırıq-yırtıq skamyalar, dəmir çəpərlər və ən əsası 15 manatlıq toplarla AFFA işini bitmiş hesab etdi. Bəli uşaq futbolunda ən vacib yarış olan Respublika çempionatının Bakı zonası üzrə matçlar(ofsayd olsa da) bir hakimlə, Çinin hansısa şəhərinin zirzəmisində tikilən, "Sədərək" bazarında 15 manata satılan, düz vuranda əyri, əyri vuranda düz gedən "toplarla" oynanılır. Sonra deyirsiz ki, niyə bizdə Xviça Kvaratsxeliya kimi futbolçular yetişmir. Necə yetişsin ki, bu balalar uşaqlıqdan futbola olan ögey münasibəti görüb(elə valideynləri də) yeniyetmə yaşına çatan kimi bu idman növündən gedirlər. Hərəsinin əlində bir su "butulkası", butsi üzünə həsrət balalar AFFA "sayəsində" Bakının bu başından o başına top qovmağa gedir. Qaydalardan bixəbər hakimlər, tribunalarda soyuğun altında əynini dəyişən cocuqlar, bir topla oynanılan qarşılaşmalar, topu vuranda qonşunun həyətinə düşən məqamlarla dolu, mətbuat üçün maraqlı olmayan Respublika çempionatı. Mən hələ adlı-sanlı klubların uşaq oğurluğundan, məşqçilərin yeyilən haqqlarından, AFFA tərəfindən qorunmayan, heç bir dəstək görməyən, kiminsə hesabına ayaqda qalmağa çalışan kiçik futbol akademiyalarından danışmıram...(Şəkillər özümə məxsusdu. Bu həmin 15 manatlıq toplardı) 

Araz Əhmədov 

 

Oxşar xəbərlər

SOS - Elit məşqlər niyə keçirilmir?
Stadionda yas mərasimi - futbolumuz belə öldürülür
"Keşlə"nin dərdi var, "Keşlə" xəstədi - TƏHLÜKƏ
AFFA potensial şikəstləri necə "yetişdirir"? - DƏRD
"Qarabağ" öz gələcəyini niyə məhv edir? - Problem

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər